Vətəndaşları müxtəlif qruplara ayırmaq olar. İmkanlı və imkansız vətəndaşlar var. “Hüquq”u lazım ola biləcəyindən xeyli çox və “hüquq”u lap az olan vətəndaşlar var. Savadlı, üstəlik diplomlu və savadsız, amma diplomu olan vətəndaşlar da var.
Əlbəttə, siyahını istənilən qədər uzatmaq olar.
İstəsəniz, siz də orijinal və yaxud elə də orijinal olmayan xeyli təsnifat modeli təklif edə bilərsiniz.
Koronavirus tükənməz təsnifat modellləri xəzinəmizə bir neçə yeni töhfə verib. Bu töhfələrdən biri də vətəndaşlarımızın vaksinə münasibəti ilə bağlıdır.
Vaksin vurduran vətəndaşlarımız da var, vaksin vurdurmayan vətəndaşlarımız da.
Mən Vaksin Vurdurmayan Vətəndaşlarımız (VVV) barədə yazmaq istəyirəm.
Orta statistik VVV niyə bu unikal imkandan istifadə etmək istəmir?
Bir neçə ay bundan əvvəl sıravi və ali təhsilli bir VVV dedi ki, 50 ildən çoxdur bu məmləkətdə yaşayır, nəyinsə pulsuz, həm də israrla paylanmasının, təklif edilməsinin şahidi olmayıb. Ona görə də vaksinə inanmır. (Həmin söhbətdən keçən müddət ərzində həmin vətəndaşın fikrini dəyişdiyini istisna etmirəm)
Vaksin vurduracağı təqdirdə hansısa məkrli qüvvələr tərəfindən dərhal, ya da bir müddət sonra ağlagəlməz formada idarə olunacağına inanan VVV də tanıyıram.
Hə, bir vaksin dozasını vurdurduqdan sonrakı həftələr ərzində, ikinci dozanın vaxtı gələnə qədər immunitetinin əhəmiyyətli dərəcədə zəifləyəcəyinə şübhə etməyən VVV-lər də var.
Vaksinin insanları qirmaq üçün düşünülmüş çoxsayli metodlardan biri olduğunu təkidlə izah, sübut və reklam etməyə qadir VVV-lərə siz hamınız rast gəlmisiniz.
Əlbəttə, səhhətində ciddi problemlər olduğundan bu addımı ata bilməyən insanlarımız da var. Və onlara ancaq tezliklə sağalmalarını arzulaya bilərik.
Mən VVV fenomeni barədə daha yazmaq istəmirəm…
Ehtiyac yoxdur.
Yazımı uzaqlaşdırmaq istədiyimiz xaricdə baş vermiş bir hadisə haqqında məlumatla bitirirəm.
Bu günlərdə Rusiyanın “Kommersant” qəzeti xəbər verib ki, kölgə internetində Moskvanın və eyni adlı vilayətin 500 000-dən çox sakini haqqında məlumatlar satışa çıxarılıb. Bu insanlar vaksin vurdurmaları və müvafiq test vermələri haqqında saxta arayışlar alan vətəndaşlardır.
Xüsusi olaraq qeyd edirəm ki, bu kədərli hadisənin bizə heç bir dəxli yoxdur.
Fuad Babayev