(Şeir Mədəniyyət Nazirliyinin elan etdiyi “Vətənvərpərlik mövzusunda ədəbiyyat müsabiqəsi”ndə Poeziya janrı üzrə 1-ci yerə layiq görülüb)
Sən ey mənim yurdumda güldən gözəl bayrağım,
Sən ey müqəddəs əldə əldən gözəl bayrağım!
Ey mənim Dövlətimdən qoca olan bayrağım,
Sancıldığı zirvədən uca olan bayrağım!
Dalğalan zirvələrdə, dalğalara örnək ol,
Namuslu gözəllərin qon başına örpək ol!
Başım üstə papaqsan,
Torpaqsan gözüm üstə.
Sən şerimin içində,
Olmusan sözüm üstə.
Mən sənə baş əymişəm,
Qarşında dizim üstə.
Bayraqların içində, ey mənim vəsf etdiyim,
Şeirlərin bayrağı, qəzəllərin bayrağı!
Ey uğrunda şərəflə şəhadətə getdiyim,
Bayraqların gözəli, gözəllərin bayrağı!
Gör sənin sancıldığın neçə kənd var, şəhər var,
Zəfər varsa, sən varsan, sən varsansa, zəfər var!
Ürəkdə can da sənsən, Azərbaycan da sənsən!
Balaca otağımda böyük cahan da sənsən!
17 noyabr 2020

Yusif Nazim Ərəbsoy (Məmmədov Yusif Ağaəhməd oğlu) – 1988-ci il oktyabrın 10-da Şamaxı rayonunun Ərəbqədim kəndində anadan olub. 1995-ci il sentyabrın 1-də Qobustan rayon Göydərə kənd 9 illik əsas məktəbin 1-ci sinfinə daxil olub. 2004-cü ildə bu məktəbi bitirərək, orta təhsilini davam etdirmək üçün, Fizika-riyaziyyat və informatika təmayüllü liseyə qəbul edilmiş, 2006-cı ildə bu liseyin məzunu olmuşdur. Bakı Slavyan Universitetinin “Yaradıcılıq” və Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin “Mühasibat uçotu və audit” fakültələrini bitirmişdir.
Yaradıcılığa 14-15 yaşlarından başlayan Yusif Nazim Ərəbsoyun yaradıcılığı çoxşaxəlidir. O, satiralar, sevgi və fəlsəfi mövzulu şeirlər, qəzəllər, eləcə də məqalələr, hekayələr, aforizmlər yazır.
Bir müddət mediada çalışan şair, hal-hazırda Qobustan Gənclər Evində “Bədii Yaradıcılıq” dərnəyinin rəhbəridir. Rayonda “Söz Muzeyi” adlı ədəbi məclisin sədridir.
“Şou dünya” və “Cənab şair” adlı şeirlərdən, aforizmlərdən ibarət 2 kitab müəllifidir. Azərbaycan Yazıçılar Birliyi (AYB) və Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) üzvüdür.
















Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib











