
İyunun 21-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə işgüzar səfəri çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının İstanbul şəhərində keçirilən 51-ci sessiyasında iştirak və çıxış edib.
AZƏRTAC xəbər verir ki, çıxışda İƏT coğrafiyasında artan geosiyasi gərginliklərin fonunda meydana gələn siyasi, iqtisadi, humanitar, ətraf mühit və təhlükəsizlik çağırışları, onlarla mübarizədə əməkdaşlıq, habelə postmünaqişə dövründə regional vəziyyətdən bəhs olunub.
Çıxışında Ceyhun Bayramov qarşıdan gələn İƏT sədrliyi münasibətilə qardaş Türkiyə Respublikasını təbrik edib, ölkəmizin Türkiyənin sədrlik prosesinə dəstək göstərməyə hazır olduğunu bildirib.
Azərbaycanın 2026-cı ildə təhvil alacağı İƏT sədrliyini İslam dünyasının həmrəyliyi və inkişafına töhfə vermək üçün ciddi tarixi fürsət olaraq dəyərləndirdiyi qeyd olunub.
Dünyada artan İslamofobiya meyillərinin narahatlıq doğurduğu, ölkəmizin bu təhdidin bütün forma və təzahürlərini qətiyyətlə pislədiyi və islamofobiya ilə mübarizədə İƏT çərçivəsində göstərilən təşəbbüsləri dəstəklədiyi vurğulanıb.
Qəzzada mövcud humanitar vəziyyətə toxunulub və bununla bağlı təxirəsalınmaz tədbirlərin görülməsinin əhəmiyyəti qeyd edilib.
Yaxın Şərqdə gərginliyin coğrafiyasının genişlənməsinin, İran İslam Respublikasına qarşı həyata keçirilmiş hərbi əməliyyatların narahatlıq doğurduğu, ölkəmizin beynəlxalq hüququn norma və prinsipləri əsasında diplomatik prosesin bərpasına çağırış etdiyi bildirilib.
Ölkəmizin Cammu və Kəşmir münaqişəsinin BMT Təhlükəsizlik Şurası, o cümlədən İƏT-in müvafiq qətnamələrinə uyğun olaraq, sülh yolu ilə həllini tam dəstəklədiyi qeyd olunub, 2025-ci il mayın 10-da əldə olunmuş atəşkəs razılaşmasının əhəmiyyəti vurğulanıb.
Suriyada mövcud humanitar vəziyyətdən bəhs edilib, bölgədə bərpa və reinteqrasiya addımlarının beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin vacibliyi qeyd edilib.
Nazir, həmçinin postmünaqişə dövründə regional bərpa, quruculuq və sülh səyləri, habelə normallaşma prosesini təhdid edən çağırışlardan ətraflı bəhs edib. Ermənistan konstitusiyasında Azərbaycana qarşı mövcud ərazi iddiaları, keçmiş münaqişənin qalığı olan ATƏT-in Minsk qrupu kimi qurumların hələ də ləğv olunmamasının sülh sazişinin imzalanmasının qarşısını aldığı diqqətə çatdırılıb.
Ermənistanın Azərbaycan və Naxçıvan arasında maneəsiz əlaqənin təmin olunması öhdəliyini yerinə yetirməməsi barədə məlumat verilib.
Çıxış zamanı bununla yanaşı, indiki Ermənistan ərazilərindən qovulmuş azərbaycanlıların, Qərbi Azərbaycan İcmasının hüquqlarının bu ölkə tərəfindən kobud şəkildə pozulmasının, onların hüquqlarının inkar olunmasının dayanıqlı sülh və etimad quruculuğuna maneə olduğu xatırlanıb.
















Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılış mərasimi olub
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb











