Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) paytaxt rayonları icra hakimiyyətləri başçıları və şəhərin təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə növbəti müşavirə keçirilib.
BŞİH-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müşavirədə bir sıra məsələlər, o cümlədən paytaxtda aparılan əsaslı təmir, abadlıq-quruculuq, yaşıllaşdırma işlərinin vəziyyəti və digər məsələlər müzakirə edilib. Qeyd olunub ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində bu gün paytaxtımız keyfiyyətcə yeni inkişaf səviyyəsinə yüksəlib, əhalinin həyat və mədəni səviyyəsi artıb, şəhərdə genişmiqyaslı quruculuq işləri həyata keçirilir.
Şəhər ərazisində həyata keçirilən işlərin monitorinqlərinin nəticələri müşavirə iştirakçılarının diqqətinə çatdırılıb. Həmçinin son vaxtlar Binəqədi və Yasamal rayonlarında bu istiqamətdə müsbət dəyişikliklərin müşahidə edildiyi vurğulanıb. Paytaxtda aparılan əsaslı təmir, abadlıq-quruculuq işlərinin sürətləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.
Müşavirədə qanunsuz tikililərlə bağlı məsələ ciddi müzakirə olunub və rayonlarda aparılan monitorinqlərin nəticələrinə dair görüntülər nümayiş etdirilib.
Tədbirdə çıxış edən Baki Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, bu gün dövlətimizin başçısı İlham Əliyev məmurlar qarşısında ciddi tələblər qoyub, onların təmiz işləmələrini və təvazökar olmalarını bir vəzifə kimi tapşırıb. Lakin hələ də bəzi mənfi hallar müşahidə edilməkdədir. Bununla əlaqədar rayon icra hakimiyyətlərinin başçılarına ciddi xəbərdarlıq edilərək təcili tədbirlərin görülməsi tələb olunub. Bildirilib ki, BŞİH-nin monitorinq qrupu tərəfindən işlərə nəzarət ediləcək və nəticələr bir aydan sonra yenidən müzakirəyə çıxarılacaq.