“Məhəbbət əfsanəsi” və ya əfsanəyə dönmüş ömür

Bu gün görkəmli bəstəkar Arif Məlikovun doğum günüdür
O, çoxlarından fərqli olaraq şöhrətə gedən yolu çox gənc yaşlarından fəth etdi. 26 yaşında yazdığı “Məhəbbət əfsanəsi” ilə milyonların məhəbbətini qazandı. Amma bu uğur heç də onu arxayın salmadı. Gecəsini gündüzünə qataraq daha böyük inam və inadla yazıb-yaratdı. Nə yazdısa ürəyinin səsi, qəlbinin hökmü ilə yazdı. Bir an da olsun belə, sənətə ötəri həvəs kimi yanaşmadı. Bəlkə də onu xalqa sevdirən də içindəki düzlük, Üzeyir Hacıbəyli ənənələrinə sadiqlik, Azərbaycana, onun milli-mənəvi, mədəni sərvətlərinə olan sonsuz sevgi idi. Belə sevgiləri qazanmaq isə yalnız və yalnız Arif Məlikov kimi dühalara nəsib olur.