Bir şairənin qələmi ilə yazdığı misralar əsrləri adlayıb bu günə gəlib çata bilər. Bəs onun fırçasının izi, iynəsinin ilmələri, zərif tikmələri necə? Xurşidbanu Natəvanın sənət dünyası yalnız qəzəlləri ilə məhdudlaşmır. O, təbiəti rəsmlərində əbədiləşdirən, ipək saplarla incə naxışlar yaradan, estetik zövqünü əl işlərinə köçürən sənətkar idi. Bu gün müxtəlif muzey və arxivlərdə qorunan həmin nadir nümunələr XIX əsr Azərbaycan mədəniyyətinin incə ruhunu yaşadır.
Yazıçı-publisist Mustafa Çəmənlinin tərtibçisi, “Ön söz” müəllifi və redaktoru olduğu “Neçin gəlməz” kitabında Xurşidbanu Natəvanın zəngin ədəbi irsi ilə yanaşı, onun rəssamlıq və tətbiqi sənət sahəsindəki yaradıcılığı da geniş işıqlandırılır.
Natəvanın rəssamlıq və tətbiqi sənət sahəsindəki irsinin mühüm hissəsi 1886-cı ildə tərtib etdiyi məşhur “Gül dəftəri” albomunda əksini tapıb. Albomda onun öz əli ilə çəkdiyi gül təsvirləri, təbiət mənzərələri, memarlıq elementləri və bədii eskizlər toplanıb. Bundan əlavə, şairənin tikmə nümunələri, şəxsi əşyaları və digər əl işləri uzun illər ərzində müxtəlif muzeylərin fondlarında qorunaraq bu günədək gəlib çatıb.
Yazıçı-publisist Mustafa Çəmənli bildirir ki, bu irsin bir kitabda toplanması uzun illər aparılan araşdırmaların nəticəsi olub. O, 2011-ci ildə Əlyazmalar İnstitutunda Natəvanın “Gül dəftəri” ilə tanış olduğunu, həmin albomdakı rəsmlərin onu dərindən təsirləndirdiyini qeyd edir. Məlum olub ki, şairənin qəzəlləri dəfələrlə nəşr olunsa da, “Gül dəftəri”ndəki rəsmlər uzun müddət bütöv şəkildə oxuculara təqdim edilməyib. Məhz buna görə də yeni nəşrdə qəzəllərlə yanaşı, bu rəsmlərin də yer alması məqsədəuyğun hesab edilib.
Kitabın hazırlanması zamanı rəsmlərin nəşrə yararlılığı da xüsusi diqqətlə araşdırılıb. Bu məqsədlə uzun illər kitab qrafikası sahəsində çalışan rəssam Abdulla Ələkbərovun rəyi alınıb, daha sonra Əlyazmalar İnstitutunda saxlanılan materiallar yenidən nəzərdən keçirilib. Araşdırmalar nəticəsində Natəvanın çəkdiyi rəsmlərin yüksək keyfiyyətlə nəşr edilməsinin mümkünlüyü müəyyənləşdirilib.
Tədqiqat zamanı yalnız “Gül dəftəri” ilə kifayətlənməyən müəllif müxtəlif muzeylərdə və şəxsi kolleksiyalarda qorunan sənət nümunələrini də araşdırıb. Beləliklə, Natəvanın zərif tikmə nümunələri, bədii zövqünü əks etdirən əl işləri və digər eksponatlar bir araya gətirilərək onun çoxşaxəli yaradıcılığı daha dolğun şəkildə təqdim olunub. Bu əsərlər sübut edir ki, Xurşidbanu Natəvan təkcə klassik Azərbaycan poeziyasının görkəmli nümayəndəsi deyil, həm də incə estetik duyuma malik rəssam və tətbiqi sənət ustası idi.
2022-ci ildə nəşr olunan “Neçin gəlməz” kitabı məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Nəşrdə Natəvanın qəzəlləri ilə yanaşı, “Gül dəftəri” albomundan əldə edilən rəsmlər, müxtəlif muzeylərdən toplanmış əl işləri və nadir arxiv materialları ilk dəfə sistemli şəkildə bir araya gətirilib. Bu toplu oxucuya Natəvanı yalnız söz sənətinin ustadı kimi deyil, həm də zərif sənət dünyası yaradan çoxcəhətli yaradıcı şəxsiyyət kimi tanımaq imkanı verir.
3 iyul 2026-cı il, AZƏRTAC




























“Polis Günü”nə həsr olunan fləşmob keçirilib
Prezident İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib
Prezident İlham Əliyevin sosial media hesablarında Ursula Fon der Lyayenin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər
Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti ilə geniş tərkibdə görüşü olub











