Vətən müharibəsinin başlanmasından bir il ötür. Tarix üçün qısa olan bu müddətdə rəşadətli Azərbaycan Ordusunun döyüş meydanında qazandığı uğurlar azad edilmiş ərazilərimizin bərpası istiqamətində aparılan işlərdə də əks olunur. Müharibə bitər-bitməz ərazilərin bərpasına başlandı. Çox qısa müddətdə Qarabağın qapısı adlanan Füzulidə yeni hava limanının tikilməsi, işğaldan azad edilən ərazilərdə bir sıra infrastruktur layihələrinin həyata keçirilməsi, o cümlədən elektrik enerjisi ilə təminat və yol infrastrukturunun yenidən qurulması olduqca təqdirəlayiqdir. Bütün bunlar onu göstərir ki, işğaldan azad olunmuş ərazilərin bərpası və inkişafı Azərbaycan dövləti üçün prioritet məsələdir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri səlahiyyətlərini icra edən İlqar İlyasov deyib.
İ.İlyasov bildirib ki, bu gün bölgənin elektrik enerjisi ilə tam təmin edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir. Vətən müharibəsi başa çatdıqdan cəmi bir neçə ay sonra Qarabağın elektrik enerjisi zəncirinin əsas hissələrini təşkil edən 8 meqavat gücündə “Güləbird” Su Elektrik Stansiyası, 110/35/10 kilovoltluq Şuşa, Füzuli və Şükürbəyli yarımstansiyalarının işə salınması proseslərin sürətlə aparılmasının göstəricisidir. Cəbrayıl rayonu ərazisində – Araz çayı üzərində yerləşən “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyaları ilə bağlı işlər yekunlaşmaq üzrədir.
Ağdam və Şuşa şəhərinin baş planı təsdiq olunub. Şuşa şəhəri tamamilə yenidən qurulur. Bunu uzun illərdir erməni separatçılarının girovluğunda saxlanan erməni xalqının nümayəndələri də görür. Məhz bunun nəticəsidir ki, erməni xalqının nümayəndələri artıq bir neçə dəfə Azərbaycanın Şuşadakı hərbi mövqelərimizə yaxınlaşıb, onların da Şuşada aparılan quruculuq işlərinə cəlb olunmalarını xahiş ediblər. İşsizlik, səfalət və ümidsiz vəziyyətdə yaşayan insanlar üçün Azərbaycan dövlətinin həyata keçirdiyi layihələrdə işləmək ümid yeridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Anadolu Agentliyinə verdiyi müsahibədə bu barədə deyib: “Biz buna müsbət baxırıq, ancaq gərək bunun hüquqi tərəfi tam yerinə otursun. Biz orada yaşayan erməniləri öz vətəndaşlarımız sayırıq. Onlar Azərbaycan torpağında yaşayırlar. Qarabağda 25 min erməni yaşayır, onlar da bu işlərdə iştirak edə bilərlər – həm inşaat işlərində, həm də bərpa işlərində”.
“Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərimizin bərpasını və yenidən qurulmasını strateji vəzifə kimi müəyyən edib və bu prosesdə müasir innovativ yeniliklərin tətbiq edilməsini əsas hədəflərdən biri kimi irəli sürüb. Bu istiqamətdə görülən işlər artıq dünya mediasının da diqqət mərkəzindədir.
Bu gün qürurla deyə bilərik ki, qaçqın və məcburi köçkünlərin 30 illik həsrətlərinə və əziyyətlərinə son qoyulub. Ərazilərin sürətlə bərpa olunması və müharibədən əvvəl orada yaşamış bütün insanların doğma yurdlarına qayıtmaları üçün işlər aparılır. İnanırıq ki, tezliklə 30 illlik həsrət sona çatacaq, sönmüş ocaqlarda həyat yenidən qaynayacaq. Bu inamı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi siyasət yaradır”, – deyə İlqar İlyasov bildirib.
















“Polis Günü”nə həsr olunan fləşmob keçirilib
Prezident İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib
Prezident İlham Əliyevin sosial media hesablarında Ursula Fon der Lyayenin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər
Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti ilə geniş tərkibdə görüşü olub











