Fotoqraf: İlqar Cəfərov.
1960-cı ildə Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncədə anadan olub. 1983-cü ildə Azərbaycan Kənd Təssərüfatı İnsitutunu, 1991-ci ildə isə Moskvada, SSRİ jurnalistlər İttifaqının Fotomərkəzi nəzdində fotojurnalistika fakültəsini bitirib. 1991-ci ildən dövlət informasiya agentliyi AzərTAc-ın fotomüxbiridir.
Bir sıra beynəlxalq fotomüsabiqələrin iştirkakçısı və qalibi ( Rusiya -2007, Avstriya- 2008, Yaponiya -2009) olub.
Fotoşəkillərindən ibarət kitablar və kataloqlar nəşr edilib. Xaricdə və Azərbaycanda fərdi fotosərgiləri keçirilib.
Burada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən ağrılı anlarını foto-obyektivin yaddaşına köçürmüş İlqar Cəfərovun fotoları yer alıb. Dövlət İnformasiya Agentliyi – AzərTAc-ın foto-reportyoru kimi İ.Cəfərov münaqişənin ən böhranlı dövründə bilavasitə hadisə yerində olub. Alboma daxil edilən fotoların unikallığı ondadır ki, bu şəkillərdə yalnız ayrı-ayrı anlar dondurulmayıb, ayrıca götürülmüş bir hadisə qeydə alınmayıb, onlar bütöv bir dövrü əks etdirir. Müəllif isə xronikaçı, səlnaməçi rolunda çıxış edir. Fotolar isə hər şeydən əvvəl ətrafda baş verənlərə münasibəti ifadə etmək formasıdır. Fotolorın əksəriyyətində uşaqlar əks olunub. Öz evində qətlə yetirilən, həyatlarının ən şən, qayğısız illərini müharibənin udduğu, özlərindən asılı olmadan faciənin əsas qəhrəmanlarına çevrilən uşaqlar. Bu foto-albom bir xalqın harayıdır. Bu foto-şəkillər dünyanın görmək və eşitmək istəmədiyi bir müharibənin qurbanları haqqında acı həqiqətdir. Albomdakı sənədli foto-şəkillər bizim tariximizin bir hissəsidir, tarixə vicdanlı münasibət sərgiləməyə çağırır və cəmiyyətdə tutduğu yerindən asılı olmayaraq diqqəti insane probleminə yönəldir. Biz əminik ki, yalnız keçmişdə baş verən faciəli hadisələri xatırlamaqla gələcəyi qorumaq mümkündür.
Xocalı soyqırımının qurbanları Ağdam şəhərində, 1992
Zəngilan, Qubadlı və Cəbrayıldan olan məcburi köçkünlər, 1993
Şəhidlər xiyabanı, Bakı, 1993