Aprelin 14-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə rəsmi səfərdə olan Albaniyanın Baş naziri Edi Ramanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, qonağı salamlayan parlamentin sədri bildirib ki, bu səfər Azərbaycan ilə Albaniya arasında yaxın dostluq münasibətlərinin göstəricisidir və ölkələrimizin bütün sahələrdə əlaqələri inkişaf etdirməyə hazır olduğunu sübut edir.
Sahibə Qafarova deyib ki, gələn il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 ili tamam olur. Azərbaycan və Albaniya dost və tərəfdaş ölkələrdir, ikitərəfli münasibətlərimiz uğurla inkişaf edir. Trans-Adriatik boru kəməri kimi layihələrin həyata keçirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək də bunun bariz sübutudur.
İki ölkənin münasibətlərinin inkişafında yüksək səviyyəli səfərlərin və görüşlərin əhəmiyyətindən danışan Sahibə Qafarova Azərbaycanla Albaniya arasında iqtisadi əlaqələrin genişləndirilməsinin, ticarət dövriyyəsinin artırılmasının vacibliyini qeyd edib.
Milli Məclisin sədri münasibətlərimizin dərinləşməsində parlamentlərin rolunu vurğulayıb. Sahibə Qafarova deputatlarımızın beynəlxalq parlament təşkilatları çərçivəsində təmsil olunmasından və səmərəli qarşılıqlı fəaliyyət göstərməsindən məmnunluğunu bildirib, dostluq qruplarının fəaliyyətini təqdir edib.
Söhbət zamanı Milli Məclisin sədri Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı böyük Qələbə haqqında məlumat verib. Bildirib ki, Azərbaycan Ermənistan tərəfindən 30 ilə yaxın işğal altında saxlanılan 20 faiz ərazisini azad edərək, bir sıra beynəlxalq təşkilatların qəbul etdikləri sənədlərin, o cümlədən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasını özü həyata keçirib.
S.Qafarova bildirib ki, Ermənistan ərazilərimizi işğal altında saxladığı müddətdə oradakı bütün maddi-mədəni sərvətlərimizi talan edib, şəhərlərimizi və kəndlərimizi dağıdıb. Hazırda Azərbaycan məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması üçün sürətli bərpa işləri aparır.
Milli Məclisin sədri, eyni zamanda, qeyd edib ki, Azərbaycan xalqı tolerant xalqdır və ölkəmiz multikultural dəyərlərə sadiqdir. Azərbaycan münasibətlərin normallaşdırılması üçün Ermənistana 5 maddədən ibarət təkliflər təqdim edib. Artıq qarşı tərəfdən müsbət siqnallar alınmaqdadır. İnanırıq ki, tezliklə iki ölkə arasında sülh müqaviləsi imzalanacaq, regionda davamlı sülh və sabitlik bərqərar olacaq. Biz müharibədən deyil, sülhdən danışmaq istəyirik.
Qonaqpərvər münasibətə görə minnətdarlığını ifadə edən Albaniyanın Baş naziri Edi Rama ölkəsinin Azərbaycan Respublikası ilə münasibətlərin inkişafına böyük önəm verdiyini qeyd edib. O, Azərbaycanın öz ərazilərini işğaldan azad etməsinin Albaniyada müsbət dəyərləndirildiyini diqqətə çatdırıb.
Albaniya nümayəndə heyətinin tərkibinə deputatların da daxil olduğunu deyən qonaq parlamentlər arasında qanunvericilik sahəsində əməkdaşlıq, qarşılıqlı təcrübə mübadiləsinin vacibliyi barədə fikirlərini bölüşüb. Bildirib ki, Albaniya BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi həmişə Azərbaycanı dəstəkləyib.
Baş nazir iki ölkə arasında qarşılıqlı münasibətlərin bundan sonra da inkişaf edəcəyinə inamını ifadə edib.
Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər barəsində də fikir mübadiləsi aparılıb.
Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Albaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Etibar Əliyev, Azərbaycanın Yunanıstanda və Albaniyadakı səfiri Anar Hüseynov və digər rəsmi şəxslər iştirak ediblər.