Hazırda Xocalıda 500-ə yaxın evdə təmir-tikinti və abadlıq işləri həyata keçirilir. Yollar çəkilir, su və qaz xətləri qaydaya salınır, kommunal xətlərin çəkilişi aparılır. Bu il mayın axırları – iyunun əvvəllərində 50 ailədən ibarət ilk köçün şəhərə yola salınması gözlənilir. Bundan sonra köçürülmə prosesi davamlı olaraq həyata keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bunu Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov jurnalistlərə müsahibəsində deyib.
İcra başçısı daha sonra bildirib: “Xocalı rayonunun 17 min, şəhərin isə 8 min 400 nəfər əhalisi var və onlar ölkəmizin 50-dən artıq rayonunda məskunlaşıblar. Sakinlərin məcburi köçkün kimi daha çox məskunlaşması Bakının rayonlarında, Goranboy və Gəncədədir. Son vaxtlar Xocalıya gedən yerli sakinlərin hansı hisslər keçirdiyi və oradan hansı təəssüratla qayıtdıqlarının şahidiyik. Onları başa düşmək çətin deyil, çünki həmin ərazidə qardaş-bacısı, ailə üzvləri qətlə yetirilən, özünə, yaxın adamlarına dəhşətli işgəncələr verilən sakinlər var. Misal olaraq Yaşar Əlməmmədovu göstərə bilərəm. O, Xocalı faciəsində çox böyük məhrumiyyətlərlə üzləşən sakinlərdən biridir. Özü əsirlik həyatı yaşayıb. Orada iki qardaşını itirib. 23 yaşında təhsilini qiyabi şöbəyə çevirib özünümüdafiə batalyonuna üzv yazılan bir qardaşı soyqırımı gecəsində şəhid olmuşdu və onu Ağdamda dəfn ediblər, lakin hələ də onun məzarını tapa bilmirlər. 30 yaşında digər bir qardaşı isə itkindir, Yaşar Əlməmmədovun gözləri hələ də yoldadır. O, Xocalıya gedib qayıdandan sonra iki aya yaxın müalicə alıb. Yəni bu dərəcədə çətin bir prosesdir. Şəhər əhalisi arasında belə dəhşətli faciələrlə üzləşən çoxlu sakinlər var. Ona görə də yerli sakinlərin oraya dönüşü psixoloji müalicə prosesləri ilə yanaşı aparılmalıdır”.
Xocalıda aşkar edilən kütləvi məzarlıqlar barədə məlumat verən icra başçısı deyib: “Xocalıda hələlik iki kütləvi məzarlıq aşkar edilib. Birinci məzarlıqdan 8 insan cəsədi aşkar edilib və araşdırma aparılıb. İkinci kütləvi məzarlıqda 19 insan cəsədi aşkarlanıb, onlardan 9 cəsədin DNK analizinin cavabı məlumdur. Bu gün onlardan biri – Mahmudov Akif Seydulla oğlunu Ceyranbatan qəbiristanlığında dəfn etdik. Qalan cəsədlərdən 7-ni Xocalıda dəfn etməyi nəzərdə tutmuşuq. Xocalıda yeni qəbiristanlıq salınması planlaşdırılır və çox güman ki, qalıqları aşkar edilənlər orada torpağa tapşırılacaq”.