
“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ilə ixrac-idxal əməliyyatlarının həyata keçirilməsi nəqliyyat xərcini 30 faiz azaldacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri İranın sənaye, mədən və ticarət nazirinin müavini Əlirza Peymanpak deyib. O bildirib ki, bununla yanaşı, yüklərin mənzil başına çatdırılması da sürətlənəcək. Asiya ilə Avropanı birləşdirən bu beynəlxalq dəhliz dünya iqtisadiyyatının inkişafında mühüm rola malikdir.
Nəzərə çatdıraq ki, İran nümayəndə heyətinə rəhbərlik edən Ə.Peymanpak Moskvada səfərdədir. Rusiya rəsmiləri ilə keçirdiyi görüşlərdə iki dövlət arasındakı ticarət və nəqliyyat əlaqələrinin inkişafı yolları müzakirə olunur.
Qeyd edək ki, Azərbaycan ərazisindən keçən “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinə İran və Rusiyada böyük əhəmiyyət verirlər. Bu dəhlizin əsas seqmentini təşkil edən Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolunun elektrik sistemini Rusiya mühəndisləri quracaq. Yolun Qəzvin-Rəşt hissəsi istismara buraxılıb. Rəşt-Astara hissəsində isə işlər davam edir. İran ilə Azərbaycanı birləşdirən 8,5 kilometrlik dəmir yolu körpüsü də Astarayçay üzərindən salınıb.
Dəhliz tamamilə formalaşdırdan sonra Qərbi Avropadan yüklər Rusiya və Azərbaycan ərazisindən tranzit olaraq İranın Fars körfəzi sahilindəki Bəndər-Abbas və Omman dənizi sahilindəki Çabahar limanlarına çatdırılacaq ki, buradan da körfəz ölkələrinə və Hindistana daşınacaq. Yüklərin əks istiqamətə də bu yolla daşınması dəhlizin region ölkələri üçün iqtisadi əhəmiyyətini daha da artırır. Mütəxəssislərin hesablamalarına əsasən, dəhliz tam formalaşdıqdan sonra Azərbaycanın dövlət büdcəsinə ildə təxminən 1-1,5 milyard dollar həcmində tranzit gəlir daxil olacaq.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
















Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılış mərasimi olub
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb











