Vətən müharibəsinin başa çatmasından beş ildən çox vaxt keçməsinə baxmayaraq, işğaldan azad edilmiş ərazilərdə mina təhlükəsi hələ də ciddi problem olaraq qalır. Vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə torpaqların minalardan təmizlənməsi istiqamətində genişmiqyaslı işlər davam etdirilir. Bu çətin prosesdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları hər gün “görünməyən düşmən”lə mübarizə apararaq böyük fədakarlıq göstərirlər.
AZƏRTAC-ın bölgə müxbiri ANAMA-nın Ağdamda yerləşən mobil bazasında olub, minaaxtaranların gündəlik fəaliyyətini izləyib və onların bir iş günü ilə tanış olub.
Hələ dan yeri sökülməmiş, Ağdam səmasını boz şəfəqlər bürüyərkən “görünməyən düşmən”ə qarşı mübarizəyə qalxan insanlar artıq iş başındadır. Soyuq, bir qədər də şaxtalı hava hökm sürsə də, bu çətinliklər minaaxtaranların iradəsini sarsıda bilmir.
Kimi yaxınlıqdakı evindən, kimi isə ANAMA-nın Ağdamda yerləşən mobil bazasındakı yataqxanadan çıxaraq düzülüş yerinə tələsir. Hər kəs bilir ki, bir qədər sonra onları keçmiş döyüş meydanları, minalanmış ərazilər və səbir, diqqət, peşəkarlıq tələb edən ağır bir gün gözləyir.
Səhər saat 6-dır. ANAMA-nın əməkdaşları artıq sıraya düzülüblər. Bir neçə dəqiqədən sonra dəstə halında keçmiş təmas xəttində və minalarla çirklənmiş ərazilərdə humanitar missiyanı yerinə yetirmək üçün yola düşəcəklər. Bu səssiz mübarizənin yalnız bir məqsədi var: insanların təhlükəsizliyini təmin etmək, heç kəsin minanın qurbanına çevrilməməsi.
Əraziyə yola düşməzdən əvvəl heyətin tərkibi yoxlanılır, hər bir əməkdaşın gün ərzində xidməti yerinə yetirib-yetirə bilməyəcəyi dəqiqləşdirilir, təhlükəsizlik qaydaları bir daha xatırladılır. Ardınca qruplara bölünür və təyin edilmiş nəqliyyat vasitələri ilə iş sahəsinə doğru yola düşürlər.
Ağdam, 16.01.2026, Rəşad Türkoğlu, AZƏRTAC



























Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










