Ermənistanın dağ-mədən sənayesi Cənubi Qafqaz regionunu ciddi ekoloji fəlakətlə üz-üzə qoyub.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatlarının Ermənistanın dağ-mədən sənayesinin Cənubi Qafqaz regionunda ekoloji sabitliyi pozması barədə baş nazir Nikol Paşinyana açıq məktubunda qeyd olunub.
Məktubda baş nazirdən beynəlxalq standart və prinsipləri nəzərə alaraq Ermənistanın bütün dağ-mədən sənayesi obyektlərinin qapılarını ekologiya və səhiyyə sahəsində ixtisaslaşmış ekspertləri, Azərbaycanın bu sahədə ixtisaslaşmış vətəndaş cəmiyyətləri təşkilatları üçün açmaq, yerində müəssisələrə baxış keçirilməsinə, qiymətləndirmə və monitorinq aparılmasına, müvafiq nümunələr götürülməsinə, ölçmə işləri edilməsinə tam şərait yaratması tələb edilir.
“Həmçinin tövsiyə edirik ki, güvən, inklüzivlik və ortaq məsuliyyəti gücləndirmək istiqamətində dialoq və məsləhətləşmələr üçün əlverişli müvafiq platformalar yaradasınız. Mədən sənayesində şəffaflıq və hesabatlılığı təmin edərək, zəruri islahatlar həyata keçirib və hasilat sənayesi ilə bağlı vaxtında, etibarlı və hərtərəfli məlumatların açıqlanmasını təmin etmək üçün siyasi iradə və liderlik nümayiş etdirəsiniz”, – deyə məktubda vurğulanıb.
Vətəndaş cəmiyyəti təşkilatları Ermənistan hökumətini məsuliyyətli idarəetməyə, regionda, planetə təhlükə yaradan dağ-mədən sənayesindəki işləri dərhal dayandırmağa, region əhalisi üçün davamlı inkişafı, sağlam gələcəyi təmin edən qərarlar qəbul etməyə çağırıblar.