
İyunun 30-da Şuşa şəhərində keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin Birinci görüşü başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşün yekununda qurumlar arasında əməkdaşlığın institusional əsaslarını, gələcək birgə fəaliyyət istiqamətlərini özündə əks etdirən 11 bənddən ibarət Kommünike imzalanıb.
Sənəddə Türk dövlətləri arasında dünyəvilik prinsipləri əsasında dövlət-din münasibətlərinin inkişaf etdirilməsi, dini sahədə təcrübə mübadiləsinin genişləndirilməsi, dini təhsil sahəsində əməkdaşlığın inkişafı, gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi, ailə institutunun möhkəmləndirilməsində qadınların rolunun artırılması, o cümlədən rəqəmsal informasiya mühitində dini maarifləndirmənin gücləndirilməsi ilə bağlı müddəalar öz əksini tapıb. Bununla yanaşı, Kommünikedə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində tarixi-dini və mədəni irsin bərpasına dəstəyin ifadə edilməsi, türk coğrafiyasında məzhəblərarası anlaşma və İslam həmrəyliyinin təşviqi, Türk-İslam mədəni irsinin beynəlxalq səviyyədə təbliği, həmçinin dini radikalizm, ekstremizm, terrorizm, islamofobiya və digər destruktiv təzahürlərə qarşı birgə mübarizənin gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Eyni zamanda, tədbirin yüksək səviyyədə təşkilinə göstərilən dəstəyə, yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, habelə Azərbaycan hökumətinə və əlaqələndirmə prosesinə verdiyi töhfə ilə əlaqədar Türk Dövlətləri Təşkilatının Katibliyinə minnətdarlıq ifadə olunub.
Sonda növbəti görüşün 2027-ci ildə Qazaxıstan Respublikasında keçirilməsi ilə bağlı qərar qəbul olunub.
Müxbir – Tahir Ağaməmmədov
















Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılış mərasimi olub
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb











