
İyulun 13-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilib. AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədri iclasın gündəliyinin təsdiqindən sonra ilk məsələnin “Azərbaycan Respublikası Hökuməti ilə Sudan Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi olduğunu bildirib.
Layihə barədə məlumat verən Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, bu ilin mayln 19-da Bakı şəhərində imzalanan bu sənəd iki ölkə arasındakı münasibətləri keyfiyyətcə yeni mərhələyə qaldırmaqla, müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsinə əlavə töhfə verəcək.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Parlamentin sədri gündəliyin növbəti 4 məsələsinin üçüncü oxunuşda qanun layihələri olduğunu deyib.
Gündəliyin ikinci məsələsi olan “Psixiatriya yardımı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı məlumatı Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov təqdim edib.
Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Növbəti məsələ – Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı məlumatı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov təqdim edib.
Qanun layihəsi müzakirələrdən sonra üçüncü oxunuşda qəbul edilib.
Dördüncü məsələ – Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinə (üçüncü oxunuş) dair məlumat verən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov bildirib ki, bu layihə ilə də bağlı komitəyə rəy və təklif daxil olmayıb və layihənin üçüncü oxunuşda da dəstəklənməsini xahiş edib.
Müzakirələrdən sonra qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Sonra komitə sədri Azər Əmiraslanov “Dövlət satınalmaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) də təqdim edərək, bildirilib ki, layihə ilə bağlı əvvəlki oxunuşlarda ətraflı məlumat verilib.
Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Parlamentin sədri gündəliyin qalan 17 məsələsinin ikinci oxunuşda qanun layihələri olduğunu deyib. Bildirilib ki, növbəti beş məsələ Prezident İlham Əliyevin bir məktubu ilə Milli Məclisə daxil olub və onların dördü mahiyyətcə bir-birinə yaxındır. Bu dörd məsələ və 10-cu məsələ ilə bağlı iclasda rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov, İnnovasiyalar və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov və Agentliyin Hüquq departamentinin müdiri Kaul Məmmədov dəvət olunublar. Beləliklə, gündəliyin 6-cı məsələsi olan “Kraudfandinq haqqında”, 7-ci məsələsi olan Mülki Məcəllədə, Cinayət Məcəlləsində, Vergi Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Dövlət rüsumu haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Nağdsız hesablaşmalar haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə, 8-ci məsələsi olan Əmək Məcəlləsində, Mülki Məcəllədə, “Valyuta tənzimi haqqında”, “Banklar haqqında”, “İnvestisiya fondları haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” qanunlarda dəyişiklik edilməsi barədə və 9-cu məsələsi olan Vergi Məcəlləsində, Miqrasiya Məcəlləsində, “Sosial sığorta haqında”, “Gömrük tarifi haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Dövlət satınalmaları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə ikinci oxunuşda olan qanun layihələrinin təqdimatları və müzakirələri birgə, səsvermələri ayrı-ayrı keçirilib.
Müzakirələrdən sonra qanun layihələrinin dördü də ayrı-ayrı səsə qoyularaq ikinci oxunuşda qəbul olunub.
Parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib.
Qanun layihəsi ikinci oxunuşda qəbul olunub.
Spiker Sahibə Qafarova bildirib ki, növbəti iki məsələ Prezident İlham Əliyevin bir məktubu ilə Milli Məclisə daxil olub. O, qeyd edib ki, bu məsələlərlə əlaqədar iclasda kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli və digər şəxslər iştirak edirlər.
Sonra Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev “Toxumçuluq haqqında” Azərbaycan Respublikası qanununun layihəsini (ikinci oxunuş) təqdim edib.
Növbəti məsələ – “Seleksiya nailiyyətləri haqqında”, “Dövlət rüsumu haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi barədə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov təmsil etdiyi komitənin rəyini açıqlayıb.
Hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq, ikinci oxunuşda qəbul edilib.
Gündəliyin növbəti iki məsələsinin də Prezident İlham Əliyevin bir məktubu ilə Milli Məclisə təqdim edildiyi və mahiyyətcə bir-birinə yaxın olduğu bildirilib.
Sonra Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev “Balıqçılıq haqqında” Azərbaycan Respublikasının qanun layihəsini (ikinci oxunuş) təqdim edib.
Məsələ barədə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bu komitənin rəyini təqdim edib.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov “Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsinə dair (ikinci oxunuş) məlumat verib.
Sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq, ikinci oxunuşda qəbul edilib.
İclasda Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Torpaq Məcəlləsində, Mülki Məcəllədə və “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsindən (ikinci oxunuş) söhbət açıb.
Qanun layihəsi ikinci oxunuşda qəbul olunub.
Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev daha sonra Torpaq Məcəlləsində, Mülki Məcəllədə, “Daşınmaz əmlakın dövlət kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Torpaq bazarı haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) barədə məlumat verib.
Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul olunub.
Sonra komitə sədri Tahir Rzayev Torpaq Məcəlləsində, Mülki Məcəllədə, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2017-ci il 15 dekabr tarixli 918-VQD nömrəli və “Aqrar sığorta haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib.
Qanun layihəsi ikinci oxunuşda qəbul olunub.
İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) barədə məlumat verib.
Qanun layihəsi ikinci oxunuşda qəbul olunub.
Sonra Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib.
Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul olunub.
Parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Tibbi sığorta haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib.
Qanun layihəsi ikinci oxunuşda qəbul olunub.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Miqrasiya Məcəlləsində, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” və “Dövlət rüsumu haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsindən (ikinci oxunuş) bəhs edib.
Qanun layihəsi ikinci oxunuşda qəbul olunub.
İclasda Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Bədəl Bədəlov “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə dair (ikinci oxunuş) məlumat verib.
Qanun layihəsi ikinci oxunuşda qəbul olunub.
Bununla Milli Məclisin bugünkü iclası başa çatıb.
















Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib
Xocavənddə taxıl sahələri 8773 hektar artıb
Şuşa və Xocavəndə növbəti köç karvanları yola salınıb











