
Rusiya mətbuatı Azərbaycan Prezidenti İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı çıxışını geniş şəkildə işıqlandırıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan dövlət başçısının bəyanatları Rusiyanın aparıcı xəbər agentlikləri və nəşrlərində, o cümlədən TASS, “İzvestiya”, “Kommersant”, “Rossiyskaya qazeta”, “Vedomosti”, “Arqumentı i faktı”, “Vzqlyad” və “Moskovski komsomolets” və digər qəzetlərdə günün əsas beynəlxalq mövzularından birinə çevrilib.
Rusiya mediası Azərbaycan Prezidentinin Bakı ilə Moskva arasında münasibətlərin tam normallaşdığı və müsbət istiqamətdə inkişaf etdiyi barədə bəyanatına xüsusi diqqət yetirib. Nəşrlər həmçinin dövlət başçısının iki ölkə arasında əlaqələrin müxtəlif səviyyələrdə – hökumətlər, hökumətlərarası komissiya, xarici işlər nazirlikləri və prezident administrasiyaları xətti ilə həyata keçirildiyi barədə bəyanatını da qeyd ediblər.
Prezident İlham Əliyevin “3+3” regional əməkdaşlıq formatı ilə bağlı bəyanatlarına da Rusiya mətbuatında geniş yer verilib. Media qurumları Azərbaycan liderinin bu mexanizmin bütün Cənubi Qafqaz məsələlərini əhatə etməli və regional əməkdaşlığın təməlini təşkil etməli olduğu barədəki mövqeyinə diqqət çəkib.
Rusiya nəşrləri Azərbaycan dövlət başçısının Avropa Şurası ilə münasibətlərə dair açıqlamalarına geniş istinad edib. Nəşrlərdə qeyd olunur ki, Azərbaycan Prezidenti Bakı üçün qəbuledilməz yanaşmalar və ultimatum tələbləri davam edərsə, ölkənin bu təşkilatdan qəti şəkildə çıxmasının mümkünlüyünü bildirib.
Bundan əlavə, Rusiya mediası Prezident İlham Əliyevin Azərbaycan tarixində sovet dövrünü qiymətləndirməsi, eləcə də müstəqillik illərində respublikanın orta güc statusuna nail olduğunu və milli maraqların qorunmasına əsaslanan müstəqil xarici siyasət yürütdüyü barədə bəyanatını işıqlandırıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
















Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib
Xocavənddə taxıl sahələri 8773 hektar artıb
Şuşa və Xocavəndə növbəti köç karvanları yola salınıb











