Neftçilər prospektindəki böyük kitab mağazası yadınızdadır? Gərək ki, adı “Dalğa” idi. Qız qalasının lap yanında idi və kitab mağazasından daha çox muzeyə bənzəyirdi… Metronun “Neftçilər” stansiyası yaxınlığında da kitab mağazası vardı. Çox böyük idi. Və həmişə də içərisində çoxlu müştəri olurdu.
Bu mağazalar çoxdan, lap çoxdan bağlanıb. Ən pisi odur ki, bu mağazalar həm də unudulub. Hər halda mənə elə gəlir.
Əlbəttə, Neftçilər prospektindəki və metronun “Neftçilər” stansiyasının yaxınlığındakı kitab mağazaları işləyən vaxtlarda Bakıda başqa kitab mağazaları da vardı. Bu gün əksəriyyətin xatırlamadığı kitab mağazaları. Və həmin kitab mağazalarının yerində aşıq-aşkar sezilən uğurla başqa mallar satan başqa mağazalar var…
Xeyli müddətdir ki, köhnə kitab mağazalarının kimin qəzəbinə, ən əsası isə nəyə görə gəldiyini araşdırmağa çalışırdım. Bir müddət əvvəl məsələyə tam aydınlıq gətirə bilmişəm.
Xatirinizdədirsə, ötən il məşhur “Britannika” ensiklopediyasının kağız versiyasından tam imtina etməsi haqqında xəbər yayılmışdı. Məşhur ensiklopediyanın 32 cildlik versiyası daha nəşr olunmur. Və beləliklə ilk nəşri 1768-ci ildə Edinburqda işıq üzü görmüş ensiklopediya yalnız rəqəmsal formatda hazırlanır.
Heç demə ənənəvi qaydada nəşr olunan “Britannika” cildlərinin satışı durmadan aşağı düşürmüş. Məsələn, 1990-cı ildə çoxcildliyin 117 000 dəsti satılıbmış. 1994-cü ildə isə cəmi 55 000 dəsti. Sonralar, bu göstərici lap aşağı düşübmüş. Və nəhayətdə bir çox məsələlərdə konservatizmi göz bəbəyi kimi qoruyan britaniyalılar ensiklopediyanın kitab çəklində hazırlanan versiyasından imtina edib xərci borcunu ödəməyən layihəni dayandırıblar.
Daha bir məqam. Bu addım təkcə “Britannika” tərəfindən atılmayıb. Dünya auditoriyası çox böyük sürətlə rəqəmsal kontentə meyl edir. Və ona görə də nəşriyyat aləmi ilkin mərhələdə digital-first, sonra isə digital-only strategiyasına üstünlük verməyə məcburdur. Yəni əvvəlcə əsas diqqət rəqəmsal məhsulların hazırlanmasına yönəldilir, sonra isə məhsul yalnız rəqəmsal formada hazırlanır…Vəssalam.
İndi bildiniz ki, bizim köhnə kitab mağazaları niyə bağlanıb?
Əlbəttə, bizim analoqu olmayan uzaqgörənliyimizin sayəsində.
Daha köhnə kitab mağazalarımız üçün darıxmıram. İndi digital-only, ya da heç olmasa digital-first zamanıdır axı.
Fuad Babayev
Siyasi elmlər üzrə fəlsəfə doktoru, əməkdar jurnalist
12 fevral, 2013-cü ildə www.avciya.az saytında dərc edilib

















Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılış mərasimi olub
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb











