Ortaq Türk Əlifbası Komissiyasının üçüncü iclasında 34 hərfdən ibarət ortaq türk əlifbası yekdilliklə təsdiqlənərək qəbul olunub. Artıq qazax və qırğız dilləri üçün ortaq türk əlifbasının tətbiq qaydaları təsdiqlənib.
Bu barədə AZƏRTAC-a müsahibəsində Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev bildirib.
O qeyd edib ki, əvvəlcə komissiyanın fəaliyyətinin bununla başa çatdığı düşünülürdü. Çünki əlifba və dil məsələləri hər bir dövlətin öz səlahiyyətinə aid olan sahədir və əlifbanın nə vaxt qəbul ediləcəyinə ölkələr özləri qərar verirlər. “Sonradan məlum oldu ki, müxtəlif qurumlar ortaq türk əlifbasından istifadə etməklə kitablar və digər nəşrlər hazırlayırlar. Lakin bu nəşrlərdə əlifbanın tətbiqi baxımından müəyyən uyğunsuzluqlar müşahidə olunurdu. Buna görə də qərara gəldik ki, ortaq əlifbanın ayrı-ayrı türk dillərində istifadə qaydalarını müəyyənləşdirək. Yəni həmin 34 hərfin qazax, qırğız, özbək və digər türk dillərinin əlifbalarında necə işlədilməsi üçün vahid prinsiplər hazırlanmalıdır”, – deyə Ş.Mustafayev vurğulayıb.
O bildirib ki, bu istiqamətdə iş aparılıb və Ortaq Türk Əlifbası Komissiyasının dördüncü iclası iyunun 15-də Astanada, Türk Akademiyasının mənzil-qərargahında keçirilib. “Həmin iclasda qazax və qırğız dilləri üçün ortaq türk əlifbasının istifadə qaydaları qəbul edilərək təsdiqləndi. Yəni gələcəkdə Qazaxıstan və Qırğızıstan bu əlifbaya keçəcəyi təqdirdə, artıq onlara tətbiq üçün konkret model tövsiyə olunur”, – deyə akademiya prezidenti qeyd edib.
Ş.Mustafayev əlavə edib ki, hazırda Özbəkistan əlifbası üzrə işlər davam etdirilir. “Özbəkistanlı həmkarlarımız, komissiya üzvləri və dilçilərlə məsləhətləşmələr aparırıq. Düşünürəm ki, özbək əlifbası ilə bağlı məsələlərin həlli üçün komissiyanın növbəti iclasının keçirilməsinə ehtiyac olacaq”, – deyə o bildirib.
Türkologiya sahəsində keçirilən beynəlxalq tədbirlərə də toxunan Ş.Mustafayev Bakıda 100 ildən sonra yenidən təşkil olunan Birinci Türkoloji Qurultayın yubiley tədbirinin tarixi əhəmiyyət daşıdığını vurğulayıb. “Bu tədbir böyük əhəmiyyət kəsb edir. Bu, həm Türk dünyasına, həm Azərbaycana, həm də bütün dünyaya ünvanlanan mühüm mesajdır. Tədbir göstərir ki, 100 il əvvəl Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın ideyaları bu gün də yaşayır, öz aktuallığını qoruyur və davam edir”, – deyə o bildirib.
Akademiya prezidentinin sözlərinə görə, tədbir həm də XX əsrin 30-cu illərində türk xalqlarına və türk mədəniyyətinə qarşı həyata keçirilən repressiyalara baxmayaraq, Türk dünyasının yaşadığını və gələcəyini birlikdə qurmaq əzmində olduğunu nümayiş etdirir.
“Bu baxımdan, həm bu tədbirin, həm də bütövlükdə “Türk Dünyası Həftəsi”nin çox böyük tarixi və mənəvi əhəmiyyəti var”, – deyə Şahin Mustafayev əlavə edib.
Müxbir – Pərvanə Qafarova
Fotoqraf – Azər İbrahimov
















Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılış mərasimi olub
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb











