Martın 23-də Boris Berezovski dünyasını dəyişdi. Boris Abramoviçin ölümünün mümkün səbəbləri haqqında çox danışılıb və yazılıb. Danışılan və yazılanlar arasında mərhumun bir müddət bundan əvvəl, keçən ilin avqustunda məhkəmədə Roman Abramoviçə uduzması ilə bağlı məqamlar da var. Heç demə, bu məğlubiyyət Berezovskini əməlli-başlı ruhdan salıbmış və s. və i.a. (Həmin məhkəmədə söhbət səhv etmirəmsə 3 milyard funtsterlinqdən gedirdi.)
Berezovski dünyasını dəyişəndən 2 gün sonra onu Londan məhkəməsində udmuş Abramoviç Amerikaya gedib. Və başqa bir Rusiya oliqarxı Mixail Proxorova məxsus olan PBK TV-nin xəbər buraxılışında Rusiya milyarderinin ABŞ-da Federal Təhqiqat Bürosunun əməkdaşları tərəfindən saxlanılması barədə məlumat yayılıb. Məlumatda deyilib ki, guya Abramoviçi İngiltərə xüsusi xidmət orqanlarının müraciəti əsasında tutub, Berezovskinin ölümü ilə bağlı dindiriblər.
Bu xəbər martın 25-də, Moskva vaxtı ilə saat 17.01- də gedib efirə.
Bircə saat sonra Abramoviçin rəsmi nümayəndəsi Con Mann Abramoviçin Amerikaya öz işləri ilə bağlı getdiyini və heç kim tərəfindən saxlanılmadığını deyib. Bloomberg agentliyinə müsahibəsində yayılmış xəbəri “tam cəfəngiyyat” adlandırıb, üstəlik deyib ki, bu məsələyə hökmən reaksiya verəcəklər, sadəcə olaraq əvvəlcə məsləhətləşmək istəyirlər.
Bu təkzibə baxmayaraq sərmayəsində Roman Arkadyeviçin payı olan kompaniyaların səhmləri 3-6% düşüb. Nəticədə Abramoviçə 132 milyon dollar ziyan dəyib.
Bax belə.
132 milyonluq ziyan Abramoviçə dəyib və bunun mənə heç bir dəxli yoxdur. Amma bir qədər pərişan olmuşam. Belə baxıram ki, bizim varlı insanların nə qədər pulunun olmasını bilməməyimiz yaxşıdır. Doğrudur, onların sərmayələrinin həcmini biləndə sevinmək imkanımız yoxdur. Əvəzində, onlar pul itirəndə də xəbərimiz olmur və zərrə qədər də həyəcanlanmırıq.
O ki, qaldı Abramoviçin itirdiyi 132 milyon dollara, bu az pul deyil. Rabitə və informasiya nazirimiz Əli Abbasov “Rossiyskaya qazeta”ya verdiyi müsahibədə deyib ki, bu il Azərbaycanda genişzolaqlı internetin inkişafı layihəsinin maliyyələşdirilməsinə elə bu həcmdə vəsait ayrılacaq.
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti isə fevral ayında dövlət büdcəsinə 132 milyon ödəyib. Doğrudur, manatla.
Xeyli puldur.
Abramoviçə “təkrar keçmiş olsun” deyirəm.
Fuad Babayevin “Banqladeşin Yaşıdı ” kitabından ( Bakı – 2016; səh. 78-79)