Mənim kimyadan başım çıxmır. Amma lakmus kağızının mövcudluğundan xəbərim var. Üstəlik onu da bilirəm ki, bu kağızın təyinatı nədən ibarətdir. Və deyəsən, xalis lakmus kağızı biçimli hadisələri də ayırd edə bilirəm.
Məsələn, bu həftənin hadisə-lakmus kağızını həmin olay baş verən kimi müəyyənləşdirə bildim. Sumqayıtda baş vermiş façiəni nəzərdə tuturam.
Sumqayıt faciəsi haqqında hamının məlumatı var. Məlum faktları təkrar sadalamağa ehtiyac yoxdur. Gəlin bu hadisənin XX əsrin sonlarında yaşayan Azərbaycan üçün nə dərəcədə xarakterik olduğunu müəyyənləşdirək.
Xatırladım ki, hadisə ərazisinin 20 faizi işğal edilmiş ölkənin məktəbində, 11-ci sinif şagirdləri ”İbtidai hərbi hazırlıq” fənnindən zaçot verərkən baş verib. Bu o deməkdir ki, faciədən zərərçəkənlər fənni bitirib qurtarıblar. Amma qumbaradan istifadə qaydası kimi sadə, hər halda fənnin kursunu başa vurmaq üzrə olan şəxslər üçün sadə məqamdan xəbərləri olmayıb.
Ən dəhşətlisi bu deyil. Əksər qəzetlərin birinci səhifələrinə çıxardıqları hadisənin damarlarda qan donduran çalarları başqadır. Döyüş qumbarasının sinif otağına gətirilib, fənni bilməyən və ola bilsin ki, sözə qulaq-asmayan şagirdlərin əli çatan yerə qoyulmasıdır dəhşətlisi. Və bu dəhşət təkcə təhsil sistemində deyil, cəmiyyətin əksər müstəvilərində tez-tez təsadüf edilən hazırsızlıqdan, məsuliyyətsizlikdən xəbər verir. Elə buna görə də Sumqayıt olayı lakmus kağızı kimi planetin ən təhlükəli hərbi maşınlarından biri ilə üzbəüz qalıb, ən böyük qaçqın, məcburi köçgün orqanlarından birinə malik olan dövlətin vətəndaşlarının əksəriyyətinə sirayət etmiş izaholunmaz arxayınlığı üzə çıxarır. Cəbhə bölgəsində baş vermiş saysız-hesabsız, irili-xırdalı terror aktları bir yana, heç Bakı metrosunda baş vermiş və artıq unudulmuş qanlı faciə də bizə sayıqlıq aşılaya bilmədi. Və sabah əslində hərbi poliqondan, sınaq meydanından çox fərqlənməli olan məktəblərdə Sumqayıt olayına bənzər faciələrin baş verməsinin qarşısını almaq üçün nə etmək lazımdır?! Əgər ali məktəblərdə tətbiq ediləcək modeldən burada da istifadə ediləcəksə (səhv etmirəmsə, institutlarda hərbi kafedraların ləğv olunması barədə qərar artıq qəbul edilib), mən bir vətəndaş kimi bunu başa düşməmək hüququnu özümdə saxlayıram. Əgər həmin məntiq hər yerdə tətbiq edilməli olsa, çox maraqlı məqamlar ortaya çıxa bilər. Onda yuzlərlə adamın ölümu ilə nəticələnmiş hadisə baş verdikdən sonra metro bağlanmalı idi. Bir də bəzi həkimlərin səlahiyyətsizliyi üzündən hər hansı xəstəxanada arzuolunmaz olay baş versə, həmin müalicə oçağı niyə bağlanmasın?!
Bunlar öz yerində. Bizim arxayınçılığımız ”İbtidai hərbi hazırlıq” fənnini öyrənəndə belə, döyüş qumbarasını partlada bilmək imkanı yaradır.
Amma deyək ki, İsraildə azyaşlı uşaq küçədə oyuncaq tapsa belə, adətən yaxınlaşmır. Çünki terrorla üz-üzə, göz-gözə yaşayan bu ölkədə hamıya təlqin olunub ki, ölüm yüklu ”hədiyyə” bəzən bərli-bəzəkli dona malik olur.
İsraildən dedim, yadıma düşdü ki, bu həftə həmin ölkənin baş naziri seçildi. 17 mayda İsraildə 1996-cı ildə qəbul edilmiş seçki sistemi üzrə ümumi seçkilər keçirildi. Baş nazir və ”Likud”un lideri olan Benyamin Netanyahunu 57 yaşlı Ehud Barak arxada qoydu. Barak Devid Ben-Qurionun, Qolda Meirin, İtsxak Rabinin, Şimon Peresin adları ilə bağlı olan ”İsrael Axat”ın lideridir. Və məhz bu partiya 1993-cü ildə fələstinlilərlə sulh bağlayıb. Onu da deyim ki, ”Nezavisimaya qazeta” Netanyahunun məğlubiyyətini Rusiyanın ciddi uğursuzluğu kimi dəyərləndirib. Qəzetin fikrincə, işini-gucünü atıb ciddi-cəhdlə Netanyahunu dəstəkləyən Kreml 1997-ci ilin İran səhvini təkrarlayıb (1997-ci ildə Moskva Əli Əkbər Natiq Nurinin seçiləcəyinə o qədər inanmışdı ki, onu artıq gələcək dövlət başçısı kimi qəbul etmişdi).
Rusiya öz səhvlərini təkrar etməkdə olsun, bir məqamı da xatırladım. Yanğınsöndürən Stepaşin bu ölkənin baş naziri oldu. Özu də çoxları bir ildən azca artıq müddətdə ölkənin dördüncü hökumətinə rəhbərlik edəcək Stepaşini sabitliyin təminatçısı kimi qəbul etməyə meyllidir. Daxili işlər naziri kimi öz müavinini Çeçenistanda itirmiş Stepaşin baş nazir kimi öz komandasını necə tapacaq, bu da qalsın gələn ”həftəliyə”.
Fuad Babayev
”Üç nöqtə”, №46, 23-24 may 1999-cu il
















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










