
Təvazökarlıqdan bir qədər kənar səslənsə də, deməliyəm ki, mən özümü kifayət qədər intizamlı və ola bilsin ki, hazırlıqlı oxucu hesab edirəm. İlin-günün bu vaxtında neçə-neçə qəzetin daimi oxucusuyam. Və əslində çeşidli olaylar haqqında tam təsəvvür əldə etmək üçün bəzən bir-iki qəzeti oxumağın necə deyərlər, bəs eləmədiyini qəbul edirəm. Bu belə. Onu deyəcəkdim, qabaqlar mənim bir adətim vardı. İlk dəfə gördüyüm qəzeti hökmən alırdım. Və çox vaxt yeni nəşrin ilk sayı bundan sonra həmin qəzeti axtarmağa dəyib-dəymədiyi barədə yetərincə məlumat verirdi. Etiraf edim ki, hətta birinci və sonuncu dəfə aldığım qəzetlərin belə ilk saylarını arxivimdə saxlayırdım. Bu da bəzilərinin çətinliklə başa düşə biləcəyi hobbi-fason bir məsələ idi.
Mən bunları niyə yazdım? Ona görə ki, bazar iqtisadiyyatı şəraitində oxucu kimi intizamlılığımı, istərsə metromuzun yarıqaranlıq vaqonlarında, istərsə də işdə, evdə qəzetlərimizlə ünsiyyətimi qoruyub saxlasam da hobbimi unutmuşam. Səbəbi çox sadədir: fəaliyyətə yeni başlayan qəzetlərin sayı son dərəcə çoxdur. Məsələn, mən o gün metro stansiyalarından birinin perronunda, sütunun yanındaca soydaşımız tərəfindən qurulmuş “köşk”ün vitrinində düz 3 təzə qəzet saydım. Və bir daha başa düşdüm ki, media bazarında oxucu ovuna çıxan bütün qəzetlərin ilk saylarını alıb kolleksiyamı zənginləşdirməyə donluğum kifayət edə bilməz. Hələ mən bir mahnıda deyildiyi tək “qaçhaqaç, qovhaqov, tələs ha tələs” rejimində işləyən adam kimi vaxtımın və ola bilsin ki, həvəsimin çatmayacağını demirəm.
Vəssalam. Bura qədər yazdıqlarımı nəyə görə yazdığımı isə indi istəyirəm izah edim. Özü də tezis şəklində:
- Qəzet bazarında qəzet çoxdur.
- Oxucumuz, özü də kifayət qədər hazırlıqlı oxucumuz kifayət qədər olsa da, çoxları bir-iki qəzet seçib informasiya ehtiyacını ödəmək istədiyindən qəzet alıcıları o qədər də çox deyil.
- Qəzetlərin özünü doğrultması çox çətin məsələdir.
Sevindirici haldır ki, bu çətin vəzifə çoxlarını qorxutmur. Və məmləkət oxucusunun “menyü”sünə az qala hər gün təzə-təzə nəşrlər daxil olur. Bu nəşrlərsə reklamla dostlaşmalıdırlar. Çünki, bu gün qəzetin açılması, çeşidli komputer avadanlığının alınması, jurnalist donluğunun babat səviyyədə olmasının təmin edilməsi kimi vəzifələri boynuna çəkən naşirlər sabah əslində ictimai rəyi formalaşdırmayan nəşrlərdən bezə bilərlər. Nəticədə qəzet qayığı sadəcə olaraq saya otura bilər.
Belə. Sonda daha iki məqam. Reklamvericini, özü də böyük, çox böyük seçim imkanına malik olan reklamvericini cəlb etmək üçün auditoriyaya malik olmaq lazımdır. Nə də olmasa reklam Azərbaycan qəzetləri üçün çox böyük stimul rolunu oynaya biləcək. Bir də bu yazı sadəcə olaraq, təkrar edirəm, sadəcə olaraq intizamlı oxucu tərəfindən yazılıb. Bütün reklamçılar və bütün potensial reklamvericilər üçün düşünülmüş “AZƏRBAYCAN REKLAMÇISI”nın baş redaktoru tərəfindən imzalansa da.
Fuad Babayev
“Azərbaycan reklamçısı” 21 mart 1999-cu il
















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










