Bu nağıl ki, var ha, çox lazımlı məsələdir. Butun yaşlarda olan adamlara nağıl lazımdı. Və mən inanıram ki, vaxt gələcək, apteklərdə ”nağıl” dərmanı da satacaqlar. Məsələn, həkim nüsxədə yazır ki, xəstə filankəs gedib filan nağılı hökmən oxumalıdır. Bəlkə hələ maşın da icad edəcəklər ki, həmin nağıl xəstənin başına zorla yeridilsin. Hə, bax kef onda olacaq. Çünki əgər indiyə kimi biz nağıllara inana bilirdiksə, o zaman dinlədiyimiz nağılları elə nağıl kimi da qəbul edəcəyik…
Nə isə, sözüm onda deyil. Sözüm ondadır ki, bəzi nağılları bizə sırıyırlar, özq də zorla. Bəzi nağılları biz özümüz uydururuq. Elə nağıllar da var ki, birinci dəfə eşidəndə adamın lap inanmağı gəlir. Adam görür ki, nağıl da olsa həqiqəti də var. Başlayır o nağıla qulaq asmağa, sonra orada deyilənlərə əməl etməyə, pul qazanır. Günlərin bir günü nağıl da qurtarır, pul da… Necə deyərlər, bağdakı əriyin məsələsi olur. Bax o zaman adamın ovqatı elə təlx olur, elə təlx olur ki, deməklə, yazmaqla başa gəlmir.
Hə, srağagün axşam adətim üzrə cibimdən çıxan Azərbaycan əskinaslarını ”skotç”la yapışdırmaqla məşğul idim. (Allah bu ”skotç” icad edənin atasına rəhmət eləsin, yaman dadımıza çatır). Neçə dənə min manatı yamamışam, yadımda deyil. ”Şirvan”a keçirdim ki, (öz aramızdır, əskinaslarımızın vəziyyəti ilə iqtisadiyyatımızın durumu arasında yaman oxşarlıq var. Hay-hayı gedib, vay-vayı qalmış manatlar əsas fondları yerlə-yeksan edilmiş zavodlarımıza elə bənzəyir, elə bənzəyir ki, adamı lap ağlamaq tutur) telefon zəng çaldı. Mən bir istədim ki, bu on minliyimizi də həyata, üzr istəyirəm tədavülə qaytarım, sonra dəstəyi götürüm. Amma Müsavatın iqtisadi siyasət komissiyasının sədri Qubad İbadoğlunun dedikləri yadıma düşdü. (Qubad müəllim deyirdi ki, cəmi bir neçə ay ərzində Azərbaycanı nə az, nə çox, düz 83 milyon ABŞ dolları tərk edib). Və dərk etdim ki, iqtisadiyyatımız mənim ,”şırvan”ım olmadan da bir təhər mövcud ola bilər. Və dəstəyi götürdüm.
Zəng vuran köhnə reklamçı dostlarımdan biri idi. Ordan-burdan bir qədər danışdıq, dostum zəmanədən bir qədər şikayət etdi. İşin, gücün azlığından danışdı. Sonra da kiminsə telefon nömrəsini məndən soruşdu, mən də tapıb o nömrəni verdim və sağollaşdıq.
Bu söhbət mənim yadıma ”Millət” qəzetində tanınmış reklamçı Hacıəmi Atakişiyevlə müsahibəni oxuyanda düşdü. Azərbaycan Reklamçılar İttifaqının prezidenti və Beynəlxalq Reklam Assosiasiyası Mərkəzi Asiya və Qafqaz bölməsinin direktoru inkişaf etmiş dövlətlərdə adam başına düşən reklam xərclərinin ümumi miqdarının 500 ABŞ dolları həcmində olduğunu vurğulayır. Onun sözlərinə görə, Azərbaycanda bu göstərici cəmi… 0,3 dollar təşkil edir. Elə orada qeyd olunur ki, 1999-cu ildə Rusiyada reklam xərclərinin 38,5 faiz azalacağı gözlənilir. Vəssalam. Rusiya reklam bazarının çeşidli olaylarının Azərbaycana demək olar ki, birbaşa təsir göstərəcəyini qətiyyətlə demək üçün nə Soros olmaq lazımdır, nə də ümumiyyətlə, iqtisadçı. Bu, aydındır.
Əlqərəz, Azərbaycanın reklam bazarı əməlli-başlı çöküb və bu da reklamçılarımızın ovqatını yamanca təlx edib. Başqa cür ola da bilməzdi. Cəmi bir il bundan əvvələ qədər Azərbaycanda reklamı, reklam işini sehrli eliksir kimi qəbul edənlərin sayı olduqca çox idi.
Reklam bazarı formalaşdıqca, Azərbaycanın potensial reklamvericiləri məmləkətdə fəaliyyət göstərən xarici iş adamları ilə təmasda olub, reklamın çeşidli məziyyətlərindən xəbər tutduqca reklamçıların da işi inkişaf edirdi. Amma elə ki, iqtisadiyyatın daşlaşmış mexanizminin işə düşmək fikrində olmaması üzə çıxdı, üstəlik başqa-başqa məsələlər də gündəmə gəldi, Azərbaycan reklamı başladı zəifləməyə. Bu zəifləmə hələ də davam etməkdədir. Və reklamverici üçün ən cəlbedici nəşrlərdən sayılan ”Zerkalo”nun ixtiyari sayını ötən il bu vaxt çıxan sayla müqayisə etmək kifayətdir ki, reklamın əsassız surətdə azaldığının şahidi olasan. Reklam da ki, azaldı, biçarə reklamçının ovqatı necə təlx olmasın?
Amma öz aramızdır, bu reklamçılarda da az yoxdur. Reklamın yüksəliş dövrlərində onların heç də hamısı ələ düşmüş imkandan bəhrələnmədi. Və ayrı-ayrı reklam şirkətlərini yorulmadan bir araya gətirən Azərbaycan Reklamçılar İttifaqı olmasaydı, bəlkə də bəzi reklamçılar yeni texnologiyaların tətbiqi, xarici həmkarlarla əlaqələrin qurulması barədə düşünməzdilər də.
Bütün hallarda keçənə güzəşt deyərlər. Reklam bazarı inkişaf edəcək. Necə deyərlər, istəsək də, istəməsək də. Və reklam nağılı ən təpərli reklamçılar üçün reallaşacaq.
Nə isə çalışın ovqatınız təlx olmasın.
Fuad Babayev
”Şans”, №10, 17-18 iyun 1999-cu il
















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










