Mən bu sətirləri iyulun sonuncu gündə, ən adi kompüterdə, ən adi qrafika ilə yazıram. Bu, kirill qrafikasıdır və mən yəqin ki, üzümüzün-gözümüzün öyrəşdiyi qrafika ilə hələ uzun müddət yazacağam. Amma bu qrafika ilə çap olunmaq qurtardı. Və yəqin ki, sənin də, əziz oxucu, Azərbaycan dilində, kirill qrafikası ilə yazı, hər halda qəzet yazısı, təzə qəzet yazısı oxumağın qurtardı.
Artıq latın qrafikasına keçdik və ”Cümə axşamı”nın indi oxuduğun sayı mətbuatımızın latın qrafikasına tam keçidinin ikinci günü işıq üzü görür. Demək latın qrafikasına keçidin qəzetlərə edəcəyi təsir bütün hallarda bu saydan da yan ötməyəcək. Bu aydındır. Bəs təsirin məhz nədən ibarət olacağı haqqında nə demək olar və ümumiyyətlə bu sualı cavablandırmaq gec deyilmi?
Gecdir. Əlbəttə ki, gecdir. Ən azı ona görə ki, keçid artıq baş tutub və indi latın qrafikasına keçidin qəzetləri onsuz da bol olmayan oxucuların üzünə əməlli-başlı həsrət qoyacağı, media biznesinin çökəcəyi haqqında apoplektik proqnozlar verməkdənsə, əməli iş görmək lazımdır.
”Əməli iş” nədir?
Təbii ki, ”əməli iş” dedikdə istərsə qəzetçilər, istərsə də oxucular tərəfindən görüləcək iş nəzərdə tutulur. Qəzetçilər nə etməlidirlər?
Əslində qəzetçilərin nə etməli olduqlarını özlərindən yaxşı heç kəs bilmir. Təbii ki, rəhmətlik Sabirin məşhur həpəndlərindən birinin ”mən cəridəm dolmaq üçün mətləbi uzatmışam” məntiqindən əl çəkmək lazımdır. Doğrudur, mətləbin süni surətdə uzadılmasının arxasında səviyyəli kadrların çatışmamasından tutmuş xroniki maliyyə problemlərinə qədər çox şey var. Bunların üstünə latın qrafikasına keçid də gəlsə necə olacaq? Zənnimcə, məhz qrafikanın dəyişdirilməsi çox mühüm stimul rolunu oynaya bilər. Bir sözlə, nəşrin dövriliyini, tirajı, səhifələrin sayını azaltmaqla yanaşı ”palaz” parametrli yazıların da sayını məıhdudlaşdırmaq lazımdır. Bu məmləkət qəzetçiləri arasında əsl media bisnesmenlərinin sayı kifayət qədərdir. Onlar bu vəzifənin öhdəsindən yəqin ki, gələ biləcəklər. Amma sabah, ya da elə bu gün qəzetlərin satılıb-satılmaması haqqında düşünməyən, əlahəzrət Oxucudan asılı olmayan və hamının adət etdiyi kirill qrafikası ilə ilə çıxanda da buraxdığı 100 nüsxədən ikisini-üçünü satan qəzetçi qəzetçi də latın qrafikasında gileylənməyə başlasa, onan inanmayacağımıza söz verməliyik. Əziz oxucular, maddi imkansızlıq üzündən sıraları xeyli seyrəlmiş əsl Oxucular əsl Qəzetçilər tərəfindən buraxılan qəzetləri darda qoymayacaqlar. Yeri gəlmişkən, oxucuların ”əməli iş”i nədən ibarət olmalıdır.
Bilirəm ki, güləcəksiniz. Amma Oxucunun əməli işi əlbəttə ki, oxumaqdan ibarət olmalıdır. Oxumalı qəzeti oxumaqdan. Özünüz də görəcəksiniz, doğrudan da oxumalı qəzetlərin oxunmasının qarşısını latın qrafikası ala bilməyəcək.
Vəssalam. Biz qəzetçilərdən də, oxuculardan da danışdıq. Amma istərsə qəzetçilərin, istərsə də oxucuların arasında olan səlahiyyət sahiblırini unutmaq olmaz. Biz istərdik ki, adi və yaşı 30-dan yuxarı olan azərbaycanlılar kirill qrafikasını tam yadırğamamış və latın qrafikasını tam mənimsəməmiş mühüm bir məsələni həll etsinlər. Oxunmalı olanlar sırasında qəzetlərdən başqa nə qədər ədəbiyyat var. Bir neçə ildən sonra istənilən Azərbaycan kitabxanasının arsenalında hökmən hər bir azərbaycanlının oxumalı olduğu əsərlər olmalıdır. Yəqin ki, elə olacaq da.
”Cümə axşamı”, 2 avqust 2001-ci il
















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










