Sabirabadın Muğangəncəli kənd sakini, 1977-ci il təvəllüdlü Abıyev Elnur həmkəndlisi, 1982-ci il təvəllüdlü Tariyel İmanovun evinə gələrək ondan 100 qram narkotik vasitə olan qurudulmuş marixuananı 600 manata alıb.
Sonra isə Tariyel İmanov polisə zəng edib və deyib ki, evindən narkotik oğurlanıb. (APA TV)
Ağcabədi şəhərindəki “Cavid” şadlıq sarayında şadyanalıqla izlənilən (ifadə mərasim iştirakçılarından birinə məxsusdur) toy mərasimi başa çatdıqdan sonra gəlin şadlıq evindən bəy evinə gətirilib. Elə bu zaman gəlinin anası və digər qohumları otağa hücum edib. Gəlin bəy otağından çıxmaq istəməsə də, valideynlərinin təzyiqi ilə otağı tərk edib.
Növbəti gün gəlin bildirib ki, ərə getdiyi oğlanı yox, dayısı oğlunu sevirmiş. (publika.az)
Bakıda onlarla ağ rəngli “Gelandewagen”in qatıldığı toy “kortej”inin guya sabiq müdafiə naziri Səfər Əbiyevin oğluna məxsus olması ilə bağlı mətbuatda gedən xəbərlərdən narazı qalan məclis sahibi, bəyin atası, salyanlı iş adamı mediaya açıqlama verib və deyib ki, oğlunun cəmi 7 minlik “Mersedes”i var. Toy karvanındakı bütün avtomobillər də bəyin dostlarına məxsusdur.
İş adamı üstəlik bu barədə yazanları Allaha tapşırıb və deyib: “Mən o xəbərləri oxuyandan sonra sındım, çox pis təsir etdi mənə”. (Qafqazinfo.az)
Paytaxtda şəhər Dövlət Yol Polisi İdarəsinin əmək daşları reyd keçirib qadağan olunmuş yerlərdə avtomobil saxlayan sürücüləri cərimələyirlərmiş. Dayanma-durmanı qadağan edən nişanın altında dayanmış maşına da cərimə yazıblar.
Hadisəni şərh edən polis deyib ki, maşının qapısı açıq imiş. Sürücü isə yol polislərindən gizlin maşina minib qaçmağa cəhd edib. Polisin ucnoqta.az saytına verdiyi açıqlama: “Mən onun maşınının qarşısına keçib dedim ki, cərimə protokolunu götürsün. Sürücü maşina oturub lezva götürdü və yerə düşüb özünə xəsarət yetirməyə başladı. Qarnını açıb kəsməyə başladı. Bizim əməkdaşlar ona mane olub lezvanı əlindən almağa çalışdıqda həmin şəxs səs-küy salmağa başladı. Sonra anasını çağırdı, qadın da gəlib bizi təhqir etdi”.
Təəccüblü hadisələr haqqında məlumatların planet üzrə əsas ixracatçısına çevrilmək üçün tarixi fürsət düşüb əlimizə.
Bu fürsətdən yararlanmaq lazımdır məncə.
Nə deyirsiniz?
Fuad Babayevin “Banqladeşin Yaşıdı ” kitabından ( Bakı – 2016; səh. 120-121)