80-ci illərin ortalarında Bakı məktəblərində oxuyan oğlan uşaqlarından biri o birisinə nəyə görəsə salam verməyəndə, kinayəli “Nooolub alə, aton “QAZ-24” alıb?” sualı ilə qarşılaşa bilərdi.
Elə həmin vaxtlarda Bakıda deyəsən cəmi 2 “inomarka” var idi. Biri kaman ustası Habildə idi gərək ki, o biri də Səyavuş Aslanda. Bəlkə də çox idi “inomarka”, amma camaat bu iki maşını tanıyırdı.
Bu məsələlər lap çoxdan olub. İndi keçək müasir dövrə.
O gün eşitdim ki, bir adam mənzilini satıb, ondan sonra gedib “Hummer” alıb. Deyilənə görə bank binalarının həndəvərində filan qədər maşın var. Hamısı aldıqları krediti ödəyə bilməyən adamların əlindən alınmış maşınlardır.
“QAZ-24”-ün hörmətli vaxtları da, qos-qoca şəhərdə ikicə dənə “inomarka”nın olması kimi əndirəbadi işlər da lap uzaqlarda qalıb. İndi Bakıda kefin istəyən qədər “inomarka” var. Həm də ona görə ki, elə bütün maşınlar indi “inomarka”dır da. Biz ya heç maşın buraxmırıq, ya da demək olar ki, maşın buraxmırıq və siz hamınız da bunu bilirsiniz.
Nə isə, sözüm onda yox. Ötən illlər ərzində azərbaycanlıların izaholunmaz, bəlkə də izaholunan maşın sevgisi xeyli güclənib. “Qonşudan qalma geri” məntiqini həyat fəlsəfəsinin baza prinsipinə çevirmiş azərbaycanlılar bir ucdan maşın alırlar. Özü də elə-belə, yəni kiçiklitrajlı maşınların sən deyən hörməti-zadı yoxdur.
Hörmətli maşınlar yekə maşınlardır, hansıları ki, benzini su kimi içir və sahibinin sərhəd tanımayan “MƏN”ini qismən də olsa tamamlayır.
Bu qədər.
Amma, bir maraqlı rəqəm var, istəyirəm onu da çatdırım sizlərə ki, ürəyimdə qalmasın.
Deməli, keçən il Avropada cəmi 12 053 904 maşın satılıb. 2011-ci ilə baxanda bu 8,2 faiz geriləmə deməkdir. Təzə maşınlar axırıncı dəfə 1995-ci ildə belə az satılıb Avropada.
Əlimdə bizimkilərin ötən il nə qədər təzə maşın al- maları haqda məlumat yoxdur. Amma dəqiqliyi ilə deyə bilərəm ki, bütün yolları əhatə edən sonsuz “Maşın” şousu davam edir. Davam edir nədir e, güclənə-güclənə gedir.
Bəlkə doğrudan da yaxşı yaşayırıq?
Az qala qəhərlənmişəm, bitirirəm yazımı.
Fuad Babayevin “Banqladeşin Yaşıdı” kitabından ( Bakı 2016; səh10-11)