7 günlük Novruz tətili başa çatdı.168 saatlıq istirahətdən özünəməxsus şəkildə faydalanmış xalqımız işə başlayır. Əminlik hissi ilə deyirəm ki, zəhmətkeşlərimizin iş yerlərinə qayıtması artıq bu gün çeşidli tıxaclarla paytaxtımızın təkrarsız mənzərəsinə rəng qatacaq.Təki işə başlamağımız yol qətliamlarında da fasilə yaratsın…
Novruz tətilinin ilk 6 günü ərzində, yəni 20-25 mart-da Azərbaycan ərazisində baş verən yol qəzalarında 36 nəfərin dünyasını dəyişdiyini bilməmiş olmazsınız. Lent.az-ın Baş Dövlət Yol Polisi İdarəsindən aldığı məlumata görə, təkcə “martın 25-də respublika yollarında baş vermiş yol-nəqliyyat hadisələrində 7 nəfər ölüb, daha 14 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
…Bundan öncəki 5 bayram günü ərzində, yəni, martın 20-dən 25-dək respublikanın avtomobil yollarında 79 yol qəzası qeydə alınıb ki, nəticədə 29 nəfər ölüb, 114 nəfər xəsarət alıb.”
Dünyasını dəyişən soydaşlarımıza Allah rəhmət eləsin. Bu məsələni qaydasına qoymalı olan insanlarımıza da bir balaca rəhm əta olunsaydı yerinə düşərdi…
Və əgər bu rəhm bayram və istirahət günləri müəyyən olunanda müşahidə olunan səxavətlə ayrılsa,yol-nəqliyyat hadisələri vaxtilə dəbdə olan tərzdə desək, “bir sinif kimi” aradan qalxar.
Diqqət yetirin, “Exo”da ötən ilin sonlarında çxmış məqalədə yazılır ki, 2013-cü ildə 14 bayram və 1 matəm günü qeyd olunacaq. Bayram istirahət günlərinin sayı 21, adi istirahət günlərinin sayı isə 101-dir.Və bir matəm günü. Ümumilikdə, bu 123 istirahət günü deməkdir. Yəni 365 günlük təqvim ilinin az qala üçdə biri.
Düşünürəm ki, “Exo” qəzetinin məqaləsində yer almış bu rəqəmlər hələ də qazandığımız uğurların miqyasını dərk etməkdə çətinlik çəkən bəzi insanlarımızı nailiyyətlərimizlə hesablaşmağa vadar edəcək.
Bu da yetməsə, qoy bu göstəriciləri dünya ölkələrinin müvafiq göstəriciləri ilə müqayisə etsinlər.
YUNESKO bildirir ki, orta statistik ölkə hər il cəmi 12,2 gün bayram edir. Və sənayecə inkişaf etmiş ölkələrdə bu göstərici 12,4 gündür. İnkişaf etməkdə olan ölkələrdə də 12,1.
Bayram günlərinin sayına görə biz yalnız ildə 24 gün bayram edən Şri-Lankadan geri qalırıq…
Fuad Babayevin “Banqladeşin Yaşıdı ” kitabından ( Bakı – 2016; səh. 70-71)