Nəqliyyat Nazirliyimizin Bakı şəhərində taksi fəaliyyəti üçün istifadə olunmasına icazə verdiyi, Avropa İqtisadi Komissiyasının təsnifatına daxil edilmiş sərnişin minik avtomobili olan və yuxarıda adı çəkilən qurum tərəfindən J seqmentinə daxil edilmiş «Opel Astra» ilə paytaxtımızın sakinlərinə, şəhərimizin qonaqlarına xidmət göstərən F.(hər ehtimala qarşı adının baş hərfi dəyişdirilmişdir) kiçik bir qoçaqlığa imza atıb.
F. nə edib?
F. deyir ki, günlərin bir günü öz avtomobilində oturub həmişəki kimi sərnişin gözləyirmiş. Bu zaman qonşuluqda kirayədə qalan pakistanlı bir şəxs ona yaxınlaşaraq F.-in avtomobilinin qiyməti ilə maraqlanıb. F. öz avtomobilinin elə də baha olmaması, qonşu Gürcüstanda belə bir maşının daha ucuz əldə edilmə imkanları haqda yığcam məlumat verib. Bu zaman pakistanlı əmək miqrantı Londonda yaşayan qardaşının ona 5 000 (beş min) ABŞ dolları göndərəcəyini və bu pula elə F.-in sərəncamında olan maşın kimi bir avtomobil alıb taksi fəaliyyəti ilə məşğul olmaq istədiyini söyləyib.
F. yəqin ki, bir çox taksi sürücüləri tərəfindən dəyərləndirləcək qoçaqlığa məhz bu bəyanatı eşidəndən sonra imza atıb.
F. artıq çoxları tərəfindən unudulmuş Kaşpirovskinin belə həsəd apara biləcəyi inamla əcnəbiyə bu işin heç bir perspektiv vəd etmədiyini izah edib. Bakıda taksi fəaliyyəti ilə məşğul olanların sayı ilə taksiyə minmək iqtidarında olanların sayı arasında təəccüblü qeyri-mütənasibliyi önəçəkən F. rəqabətin güclülüyünü xüsusi vurğulayıb. Özünün də çətinliklə dolandığını dönə-dönə qeyd edən F. əcnəbini bu zərərli fikirdən daşındıra bildiyinə əmindir.
Bax belə.
Əmək bazarını qorumaq lazımdır. Əminəm ki, bütün sivilizasiyalı ölkələr bəzən etiraf etməsələr də bu sahədə əməli işlər görürlər. Biz də görməliyik. Özü də bunu müvafiq dövlət qurumlarının üzərinə yıxmaq lazım deyil.
O ki, qaldı taksi fəaliyyəti üçün istifadə edilməsinə icazə verilən minik avtomobillərinə, bu maşınlar hələ ötən ilin əvvəllərindən siniflərinə görə 3 kateqoriyaya – J, D və E seqmentlərinə ayrılıb. «Opel Astra» J, «Opel Insignia» D, «Opel Omega» isə E seqmentinə aiddir.
Bu informasiyanı əcnəbilərə veməyin.
Xahiş edirəm.
Fuad Babayevin “Banqladeşin Yaşıdı ” kitabından ( Bakı – 2016; səh. 88-89)