Azərbaycan Avtomobil Federasiyası (AAF) mayın 29-da növbəti dəfə klassik avtomobillərin yürüşü və sərgisini təşkil edir.
AZƏRTAC xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin və “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə keçirilən yürüş Heydər Əliyev Mərkəzinin qarşısından start götürüb.
1982-ci ilədək istehsal olunmuş 150-dən çox klassik avtomobil paytaxtın mərkəzi küçələri boyu hərəkət edir. Onların arasında yürüş üçün qeydiyyatdan keçmiş şəxsi nəqliyyat vasitələri, eləcə də Heydər Əliyev Mərkəzində nümayiş etdirilən klassik avtomobil sərgisinin eksponatları olan nəqliyyat vasitələri yer alır.
Yürüşdə iştirak edən ən qədim avtomobil 1930-cu ildə istehsal edilən “Ford Model A”, ən yeniləri isə 1982-ci ilə aid olan avtomobillərdir.
Tədbirdə klassik avtomobil sahibləri və avtomobil həvəskarları iştirak edir.
Bu günü daha yaddaqalan etmək üçün tədbir iştirakçıları və qonaqlara maraqlı əyləncə proqramı da təqdim olunur.
Yürüşün marşrutu Heydər Əliyev Mərkəzinin qarşısı, Koroğlu Rəhimov küçəsi, Bakı metropoliteninin “Gənclik” stansiyasının yanı, Dədə Qorqud parkı, Vaqif prospekti-Zorge parkı, Səməd Vurğun küçəsi, Bakıxanov küçəsi-İnşaatçılar prospekti, Hüseyn Cavid prospekti, Parlament prospekti, Mikayıl Müşfiq küçəsi, Nəriman Nərimanov heykəlinin yanı, Mərkəzi Park, Mirzəağa Əliyev, Qış Parkı, Heydər Əliyev Sarayı, Rəşid Behbudov küçəsi, Ceyhun Hacıbəyli küçəsi, Atatürk prospekti, Fətəli Xan Xoyski küçəsi-Gülarə Qədirbəyova küçəsi, Heydər Əliyev Mərkəzinin qarşısıdır.