Bir neçə il bundan qabaq məlum oldu ki, bu dünyada atipik, yəni tipik olmayan pnevmoniya da varmış. Üstəlik, bu tipik olmayan pnevmoniya adi, tipik pnevmoniyaya baxanda daha əziyyətli xəstəlik imiş…
Mənə elə gəlir ki, hər bir tipik sayıla biləcək azərbaycanlı atipik olmağa, yəni atipik azərbaycanlıya (AA) çevrilməyə cəhd etsə, bu həmin şəxsin iqtisadi səciyyəli problemlərini xeyli azalda bilər. Bu isə, Tarif Şurasının vaxtında verilmiş, əslində isə ola bilsin bir qədər gecikmiş, humanist və düşünülmüş, müdrik, tarixi, əlamətdar, yaddaqalan qərarından sonra yerinə düşməyə bilməz.
Beləliklə, tipik sayıla biləcək azərbaycanlı atipik olmaq istəyirsə hökmən müəyyən addımlar atmalıdır. Və bu addımlardan ən mühümü əlbəttə ki, həmin şəxsin nəqliyyat vasitəsi ilə bağlı olmalıdır.
Şirinliyi ilə seçilməyən təcrübə göstərir ki, tipik sayılmağa haqqı çatan azərbaycanlı hökmən şəxsi nəqliyyat vasitəsi almağa çalışır, buna nail olmayanda ruhdan düşür, kədərlənir, hətta az qalır pnevmoniyaya düçar olsun. Maşın alıb Mustafa Sandalın illər öncə həvəslə oxuduğu mahnının (yəni şarkının) qəhrəmanına çevriləndə isə, elə-belə araba (yəni avtomobil) sahibi olmaq istəmir. İstəyir ki, maşını yepyekə olsun. Piyadaların Döyüş Maşınından yalnız müqayisəyəgəlməz komfortu ilə seçilsin. Və sadalananların məntiqi nəticəsi olaraq, həmin maşının benzini su kimi içməsi, hətta udması ilə barışır.
Atipik azərbaycanlı olmaq istəyən şəxs kiçiklitrajlı, hərbi texnika ilə bəhsə girmək iqtidarında olmayan av tomobil almalıdır. Əlbəttə, yuxarıda yetərincə vəsf edilmiş qərardan sonra maşın almaq hələ də aktual sayıla bilərsə…
Bir güllə bahar olmur. Və ən yığcam avtomobil belə həyati vacib qənaət məsələsində bütün problemləri çözə bilməz. Odur ki, atipik azərbaycanlı olmaq qərarından dönmək istəməyən şəxs hökmən öz ad gününü, toyunun növbəti ildönümünü, övladlarının xeyir işini və eyni dərəcədə əhəmiyyətli sayılacaq digər şadyanalıq mərasimlərini mötədil qaydada (oxu: az xərclə) keçirməlidir.
Atipik azərbaycanlı mənzilinin təmir məsələsində də tipik azərbaycanlının istifadə etdiyi müasir inşaat materiallarından, ən əsası isə son texnologiyalardan uzaq qaçmalıdır.
Bu siyahını atipik azərbaycanlı, yəni AA olmağa qərar vermiş adamlar özləri uzada bilərlər.
Fuad Babayevin “Banqladeşin Yaşıdı ” kitabından ( Bakı – 2016; səh. 124-125)